Gündəm / Siyasət / Cəmiyyət
20:44 / 15.06.2022
37

Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı – Şuşa Bəyannaməsi

Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı – Şuşa Bəyannaməsi


Bu tarixi sənəd bir daha sübut edir ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur. Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsi ilə böyük öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamlarının bir daha real həyatda öz əksini tapması təsdiqləndi. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək.
Bu Bəyannaməyə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Həmçinin Bəyannamədə xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd olunur.
Şuşa Bəyannaməsində, eyni zamanda, tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri əksini tapıb. Sənədə əsasən, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərməlidirlər. Həmçinin tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.
Böyük Zəfərimizin işığında məhz Şuşa şəhərindən dünyaya bəyan olunmuş bu müttəfiqlik iki qardaş ölkənin torpaq həsrətinin vüsalıdır. Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqlarımızın təhlükəsiz və məsud yaşamasının təminatıdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlətin əməkdaşlığının daha üst səviyyədə və çoxşaxəli həyata keçirilməsinə imkan verir. Ölkələrimiz regional və beynəlxalq miqyasda sabitlik və rifah yaratmaqla sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərməklə bağlı niyyətlərini bəyan ediblər. Eyni zamanda, tərəflər iki qardaş ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etmək əzmində olduqlarını bildiriblər. Bundan əlavə, dövlətlərimiz kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.
Bəyannamədə də qeyd olunduğu kimi, iki dövlət arasında inkişaf etdirilən və hər iki tərəfin milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərarası münasibətlərdə vicdanlı mövqe, eləcə də sülh və sabitliyə yönəlik fəaliyyətin həyata keçirilməsi üçün möhkəm zəmin yaradan sənəd əslində hər iki dövlətin dünya birliyinin ləyaqətli üzvü olmasını bir daha sübut edir.
Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi ilə bağlı bənd Şuşa Bəyannaməsinin əsl məramına aydınlıq gətirir.

Cavid Əkbərov – araşdırmaçı jurnalist