Gündəm / Səhiyyə
13:18 / 22.06.2022
5

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb?

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb?


"Bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir:

"İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir, törədiciləri də müxtəlifdir, çünki fərqli viruslardır. Suçiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan-insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər".

Nazirlik rəsmisi bildirib ki, meymunçiçəyi virusunun əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir:

"Suçiçəyi ilə müqayisədə meymunçiçəyi virusu zamanı səpkilər daha dərin və həcmli olur. Simptomlar arasında əsas fərq meymunçiçəyi virusuna yoluxma zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya)".