Gündəm / Dünya
15:02 / 24.05.2022
54

Meymunçiçəyinə qarşı peyvənd bəlli oldu

Dünyanın bir çox ölkələrində meymunçiçəyi virusu yayılmaqdadır. Bu yeni infeksiya deyil, keçən əsrin sonundan başlayaraq Afrika qitəsində aşkarlanıb. Avropaya, Amerikaya, Afrikaya səyahət edən insanlar tərəfindən gətirilir.

Bu barədə Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, baş infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov qeyd edib ki, hazırkı dövrdə infeksiya daha geniş yayılıb:

"Meymunçiçəyi virusu infeksiya mənşəli olsa da gəmiricilərdən, meymunlardan insanlara keçə bilər. İnsanların həmin heyvanlarla bioloji təması və ya həmin heyvanlarda müxtəlif səpgilər varsa, onlarla təması, heyvanlardan hazırlanmış, termiki işləmədən keçməyən qidalar vasitəsilə də keçə bilər. Virusun insandan insana keçməsi mümkündür. Dəri səpkilərinə təmas, toxunma, ifrizat, ağız suyu ilə təmas vasitəsilə yoluxma mümkündür. Ona görə də hava-damcı üsulu ilə də yoluxma ola bilər".

Baş infeksionist qeyd edib ki, insanların istifadə etdiyi geyimdən, yatdığı yataqdan kimsə istifadə edirsə, bu zaman da yoluxma halı ola bilər:

"Bunun koronavirus kimi geniş yayılma potenisalı yoxdur. Hər hansı ölkədə lokollaşmış şəkildə rast gəlinə bilər, sanitar tədbirlər yetərli olur ki, bu infeksiyanın yayılması aradan qaldırılsın. Hələlik Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi odur ki, yoluxanların sayı dünya üzrə çox azdır. Bu yoluxmalar da virusun qeyri-endemik regionlardan olduğu üçün bir qədər narahatlıq doğurur.

Virusun mutasiya edib-etmədiyi məsələsi araşdırılır. COVID-19-da da gördük ki, virus mutasiyaya uğrayır, onun keçicilik qabiliyyəti artır. Bu sözləri meymunçiçəyi üçün demirik".

Həkimin sözlərinə görə, yaxın günlərdə bu virusla bağlı tədqiqatlar məlum olacaq:

"Bu virus təbii çiçək xəstəliyinə yaxın olduğu üçün ona tətbiq olunan vaksinlər burda da güvənilirdi və 85% tədqiqat nəticələrinə görə meymunçiçəyindən də qoruyur. Bir sıra antiviral peraparatlar mövcuddur ki, onlar təbii çiçək xəstəliyində istifadə olunmayıb , amma kənarda tədqiqatları aparılıb.

ÜST-ün hesab edir ki, meymunçiçəyinin yayılma potensialı az olduğu üçün xüsusi tədbirlər görməyə ehtiyac yoxdur:

"Əgər ehtiyac olarsa, xüsusi tədbirlər paketi var, onlardan istifadə olunacaq. Azərbaycanda yoluxma halı qeydə alınmayıb və meymunçiçəyinə qarşı ilk addım olaraq əhalinin maarifləndirilməsidir".