Cəmiyyət
13:20 / 22.06.2022
8

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür


"Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun" - deyən Umummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılmışdır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. Heydər Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.
Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da hərbi kadr hazırlığına növbəti töhfə idi.
Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgərlərini Qələbəyə aparan liseyi bitirmiş zabitlər hərb tariximizə şanlı səhifələr yazıblar. Uzun illərdir biz ölkəmiz üçün ən ağrılı problem - Ermənistan-Azərbaycan probleminin həlli üçün çalışırdıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında idi. Lakin Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.
İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq Şanlı Qələbə çaldıq və 30 il işğalda olan torpaqlarımızı azad etdik.

Həsən Əliyev – ehtiyatda olan kapitan,
Birinci və İkinci Qarabağ müharibəsi veteranı, qazı